Tibb Universitetində “Somatik xəstəliklər və komorbid vəziyyətlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Somatik xəstəliklər və komorbid vəziyyətlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli konfransın proqramına Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan alimlərinin təqdimatında 35 məruzənin daxil olduğunu deyib. Rektor somatik xəstəliklərin tədqiqinə və müalicəsinə bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi diqqət ayrıldığını vurğulayıb. Qeyd edib ki, ölkəmizdə infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində dövlət proqramının hazırlanması bu sahədə mövcud olan problemlərin həlli üçün geniş imkanlar yaradır.

Təbabətdə qarşılıqlı elmi mübadilələrin böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran professor G.Gəraybəyli bu baxımdan tanınmış mütəxəssislərin qatıldığı beynəlxalq konfransda somatik xəstəliklərin müxtəlif sahələrinə dair ən aktual problemlərin yüksək səviyyədə müzakirə olunacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Öz çıxışlarında Rusiya Elmlər Akademiyasının (REA) akademiki Anotoli Martınov və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Saule Abseutova qeyd ediblər ki, elmi-praktik konfransın mövzuları dünyanın hər yerində aktualdır. Diqqətə çatdırılıb ki, insan sağlamlığına aid bu məsələlər haqqında daha çox danışılmalı, maarifləndirmə işləri aparılmalıdır.

Sonra konfrans öz işini ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun sədrliyi ilə plenar iclasla davam etdirib.

Plenar iclasın ilk bölümündə REA-nın akademiki Anatoli Martınov, ATU-nun Klinik farmakologiya kafedrasının professoru Yusif Nağıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, akademik M.Cavadov adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Saule Abseutova, I Daşkənd Tibb Akademiyasının daxili xəstəliklər kafedrasının professoru Nərgiz Nurullayeva və Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Mərkəzinin Ürək-damar risklərinin qiymətləndirilməsi laboratoriyasının müdiri, professor Mehman Məmmədovun məruzələri dinlənilib.

Daha sonra kardiologiyanın, somatik xəstəliklərin və şəkərli diabetin aktual problemlərinə aid məruzələr ətrafında müzakirələr aparılıb.