Tibb Universitetində rezidentlərlə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) rezidentlərlə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu tibb müəssisəsinin direktoru, professor Surxay Hadıyev görüşün məqsədinin klinikada rezidentlərin təhsili, problemləri və onların həlli yolunun araşdırması olduğunu deyib. O bildirib ki, rezidentura ixtisaslaşmış həkim hazırlığında böyük rol oynayır. Professor rezidenturanın əsas məqsədinin müstəqil fəaliyyət bacarığını əldə etmiş, fəal həkim kadrlarının hazırlanması olduğunu qeyd edib: “Yəni, rezidenturanı bitirmiş həkim, öz sahəsi üzrə müstəqil fəaliyyət göstərmək, müalicə və əməliyyat etmək bacarıqlarına yiyələnəcək. Dünyada rezidentura sistemi artıq neçə illərdir ki, tətbiq olunur. Azərbaycan MDB məkanında ilk bu sistemi quran ölkələrdən biridir. Bu, böyük nailiyyətdir. Düzdür, bu sahədə müəyyən problemlər mövcuddur. Lakin bu problemləri həll etmək üçün əlimizdən gələni edirik”.

Sonra ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktorunun tədris və elmi məsələləri üzrə müavini, professor Davud Pənahov buradakı rezidentlərin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

İclasda rezidentlərin fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC