Tibb Universitetində rezidentlərin bacarıqlarının artırılması məqsədilə kurs keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin cərrahi bacarıqlarının artırılması məqsədilə kurs keçirilib. Təlimlər klinikanın cərrahi xəstəliklər kafedrasının baş laborantı Azər Hümbətovun təşkilatçılığı ilə baş tutub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, keçirilən təlimlər haqqında məlumat verən A.Hümbətov bildirib: “Kurs üç hissədən ibarət olub. İlkin mərhələdə rezidentlərə cərrahın alətlərlə işləmə qaydaları-düyünlərin bağlanması, tikişlərin qoyulması və cərrahi alətlərlə tanış olublar. İkinci hissədə bacarıqların artırılması vərdişləri yaş toxumalar üzərində tətbiq edilib. Yaş toxuma əsasən xüsusi ət parçalarından hazırlanıb, ateroma maketi yaradılıb. Dəridə kəsiklərin aparılması, dəri tikişlərinin qoyulması, dərialtı aksislərin açılması və drenajı əməliyyatı, bağırsaqlar üzərində anostomozun qoyulması və s. rezidentlərə öyrədilib”.
Kafedranın baş laborantının sözlərinə görə, hazırda davam edən kursun sonuncu mərhələsində təməl laparoskopik bacarıqlar rezidentlərə əyani üsulla təqdim olunur. İlkin olaraq laparoskopik alətlərlə tanışlıq, laparoskopik endoskop üzərində tikişlərin qoyulması və bağlanılması və s. öyrənilir. Onun sözlərinə görə, I kurs rezidentlərinin bu kursu keçməsi olduqca vacibdir. Bu vərdişlərə yiyələndikdən sonra rezidentlərin cərrahi əməliyyatlarda iştirakı təmin olunacaq.