Tibb Universitetində dilaltı nahiyəyə qoldan götürülmüş toxuma köçürülüb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir mürəkkəb əməliyyat uğurla icra olunub. Xəstənin ağız boşluğunda və çənəsində olan şişlə yanaşı, çənənin bir qismi də götürülərək əvəzinə titandan rekonstruktiv lövhə yerləşdirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib. Bildirilib ki, hələ dörd il əvvəl bu xəstənin çənəaltı tüpürcək vəzisində patohistoloji müayinə nəticəsində bədxassəli şiş aşkarlanıb. Xəstə sonrakı müalicə üçün onkoloji klinikaya göndərilsə də növbəti müayinələrdən keçməyib.

Həmin pasiyent dörd ildən sonra yenidən ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Məlum olub ki, bu müddət ərzində xəstə özünü yaxşı hiss edib və heç bir şikayəti olmayıb: “Lakin ötən ilin dekabr ayında xəstə bizə müraciət edib və bəlli olub ki, törəmələr artıq ağız boşluğunda da əmələ gəlib. Rentgenoloji və kliniki müayinə nəticəsində törəmənin çənə sümüyünə və dilaltı toxumalara da yayıldığı aşkarlanıb”.

Həkimin sözlərinə görə, xəstəyə cərrahi müdaxilə və əməliyyatdan sonra radioterapiya məsləhət görülüb: “Xəstə ətraflı müayinə olundu, əməliyyat planı dəqiqləşdirildi. Plana şişin götürülməsi, çənə sümüyünün seqmentar rezeksiyasiyası, həmin nahiyədə əmələ gələn çənə defektinin rekonstruktiv titan lövhə ilə aradan qaldırılması daxil olundu. Titandan hazırlanan rekonstruktiv lövhələr sırf bu cür çənə konstruksiyaları üçün nəzərdə tutulub”.

Bu, mürəkkəb əməliyyat təxminən altı saat davam edib. Nəticədə çənə sümüyü rezeksiya olunub, şiş götürülüb. Eyni zamanda, boyunda da böyümüş limfa vəziləri olduğu üçün radikal boyun diseksiyası icra edilib. Əməliyyatın ikinci mərhələsində ağız boşluğundakı nöqsan ön qol nahiyəsindən götürülmüş sərbəst ayaqcıqlı dilim vasitəsilə və mikrocərrahi texnikanın köməkliyi ilə damarlara anastomoz qoyularaq bərpa edilib.

Bir həftə əvvəl icra edilən əməliyyatdan sonra xəstənin ümumi vəziyyəti yaxşıdır. Xəstə yaxın zamanda evə yazılacaq.

 

AZƏRTAC