Tibb Universiteti ilə Türkiyənin Boylam Psixiatrik Xəstəxanası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru, psixiatr Ertuğrul Köroğlu ilə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı türkiyəli professor təmsil etdiyi xəstəxana barədə məlumat verib: “Ankarada yerləşən Boylam Psixiatrik Xəstəxanasında ruhi, alkoqol qəbulu ilə bağlı yaranmış xəstəliklər, narkoloji problemlər üzrə ixtisaslaşmış mütəxəssislər çalışır. Türkiyənin ən böyük psixiatrik xəstəxanasıdır və 51 yataqdan ibarətdir. Tibb Universiteti ilə əlaqələrimizin sıx olmasını arzu edirəm”.
Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də rəhbərlik etdiyi təhsil ocağı barədə qonağı məlumatlandırıb. O universitetin nəzdində 4 klinikanın olduğunu qeyd edib. Rektor Azərbaycanda tibb, həmçinin psixiatriya sahəsində müntəzəm yeniliklərin həyata keçirildiyini vurğulayıb. G.Gəraybəyli rektorluqla yanaşı, həkim kimi də fəaliyyət göstərdiyini deyib. O, həftədə iki dəfə xəstəxanaya baş çəkdiyini və xəstələri müayinə etdiyini bildirib. Eləcə də, kafedrada mühazirələr oxuduğunu qeyd edib. G.Gəraybəyli Tibb Universitetində gələn ildən magistratura pilləsində klinik psixologiya ixtisası açılacağını diqqətə çatdırıb. O, Ertuğrul Köroğlunu Tibb Universitetində “visiting professor” kimi görməkdən məmnun olacağını vurğulayıb.
Görüşdə psixiatriya sahəsindəki yeniliklərdən, Azərbaycan Tibb Universiteti ilə Boylam Psixiatrik Xəstəxanası arasında gələcəkdə qarşılıqlı əlaqələrin qurulması məsələlərindən danışılıb.
Qeyd edək ki, görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.