Tibb təhsili sahəsində rezidenturaya qəbul olunanlar iyulun 29-dan avqustun 2-dək qeydiyyatdan keçməlidirlər
Bakı, 19 iyul, AZƏRTAC
2019/2020-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olunanlar Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri bu il iyulun 29-dan avqustun 2-dək Səhiyyə Nazirliyinə təqdim etməli, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların həmin müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bu barədə məlumat verərkən rezidenturaya qəbul olunanlar qeydiyyatdan keçmək üçün bir sıra sənədlərin əslini və surətini şəxsən təqdim etməli olduğunu da bildiriblər.
Həmin sənədlər sırasına Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasport və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayanlar – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplom;
xarici ölkələrdə ali təhsil alanlar – Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədlər;
xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə” daxildir.