Tibb sahəsində nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilir
Bakı, 19 may, AZƏRTAC
“Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsinə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilir. Yəni, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də əlavə edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin mayın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi 2022-ci il 9 dekabr tarixli 687-VIQD nömrəli “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən hazırlanıb.
Dəyişikliyə əsasən, hüquqi şəxsin yaradıb-yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.
“Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi də, qeyd olunan “Nağdsız hesablaşmalar haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.