Tibb işçilərinin rifahı yaxşılaşacaq – Nazir böyük dəyişiklik haqqında

Aprelin 11-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət tibb müəssisələrinin rəhbər heyəti ilə “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirib.

Agentliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd rəhbər heyəti icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.

Görüşdə səhiyyə naziri Oqtay Şirəliyev, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev qeyd edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbələrinin yaradılmasına, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq:

“Göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr onların əməyinin stimullaşdırılmasına və sosial rifah halının yüksəldilməsinə yol açacaq”.

Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səhiyyəyə ayırdığı diqqətindən danışıb. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxt və regionlarda sağlamlaşdırıcı aksiyalar, ürək çatışmazlığından və digər patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. X. Əhədov icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

İcbari tibbi sığortanın tətbiqi çərçivəsində dövlət tibb müəssisələri ilə əməkdaşlıq perspektivləri barədə danışan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsində, səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsində icbari tibbi sığortanın əhəmiyyətini qeyd etmişdir. Z.Əliyev xəstəxanadaxili qeydiyyat sisteminin yeni tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb.

Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “Xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidlə bağlı hazırlıq tədbirləri” mövzusunda təqdimatla çıxış etmişdir. O, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədiləxəstəxanaların qeydiyyat sisteminin təkmilləşdirilməsinin, təchizatının yaxşılaşdırılmasının, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. Ş.İsmayılova həmçinin, icbari tibbi sığortanın xidmətlər zərfi və maliyyə mənbələri barədə də danışıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən 1 yanvar 2020-ci il tarixindən etibarən bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri Agentliyin nəzdində yaradılan TƏBİB-in tabeliyinə veriləcək.