Tibb bacıları üçün “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda təlimlərə başlanılıb

Bakı, 22 yanvar, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda tibb bacıları üçün təlimlərə başlanılıb.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, təlimlər “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərlə bağlı potensial pandemiyaların mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsi çərçivəsində həyata keçirilir.

Təlim COVID-19 və digər respirator virusların törədə biləcəyi infeksiyanın yayılmasının qarşısının alınması, infeksiyaya nəzarət və profilaktika tədbirlərinin düzgün icrası ilə bağlı beynəlxalq təcrübəyə əsaslanaraq tibb bacılarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

Təlimçi qismində Türkiyənin Aydın Adnan Menderes Universiteti Xəstəxanasının infeksion nəzarət üzrə mütəxəssisi Müjgan Aydemir çıxış edir. Üç həftə ərzində davam edəcək təlimlərdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Qubada yerləşən dövlət tibb müəssisələrindən 30 tibb bacısı iştirak edəcək.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin ilk həftəsi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilir. Nəzəri hissədə iştirakçılar infeksion nəzarət və profilaktika sahəsində biliklərə yiyələnəcək, infeksion nəzarət protokollarına dair xəstəxanadaxili mövcud qaydalar nəzərdən keçiriləcək. Praktiki hissədə isə M.Aydemirin nəzarəti altında tibb bacıları tərəfindən infeksion nəzarət üzrə yenilənmiş qaydalar tətbiq olunacaq.

Təlimdə, həmçinin AİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və xəstəxananın nümayəndələri iştirak edirlər.

Növbəti həftələrdə təlimlər K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində keçiriləcək.