Təzyiq necə ölçülməlidir? - QAYDALAR

Arterial təzyiqi ölçməyi təkcə tibb işçiləri deyil, hər kəs bilməlidir. Günümüzdə bunu bilənlər çoxdur. Amma düzgün qaydada ölçməyi bilənlər isə azdır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arterial təzyiqin düzgün ölçülmə qaydasını açıqlayıb.

e-tibb.az həmin qaydanı təqdim edir:

Xəstə sakit vəziyyətdə belini oturacağa söykəyib oturduqdan sonra arterial təzyiq ölçülməlidir.

Arterial təzyiq qida, dərman preparatları qəbul edilməzdən əvvəl və fiziki fəaliyyətdən əvvəl ölçülməlidir.

Təzyiq ölçən zaman kəskin hərəkət etmək və danışmaq olmaz.

Tonometrin manjet hissəsi dirsəkdən 1,5-2 santimetr yuxarı olmaqla, bazu nahiyəsinə ürək səviyyəsində bağlanmalıdır.

Təkrar təzyiq ölçmə proseduru 15 dəqiqə fasilə ilə, 2-3 dəfə aparılmalı və nəticələr qeyd olunmalıdır.

Təzyiq ölçülən zaman bunları edin:

Əyləşin və belinizi düz saxlayın.

Qolunuzu qalın və dar geyimdən azad edin. Geyimin qolu çox dardırsa yuxarıya doğru  çəkmək doğru deyil.

Qolunuzu masa üzərinə elə formada uzadın ki, tonometrin hündürlüyü ürəyinizlə eyni səviyyədə olsun.

Oturacağın uzunluğu ilə oturacağın bel nahiyəsinin hündürlüyü 25 sm-dən 30 sm-ə qədər olmalıdır.

Qan təzyiqinin səviyyələri:  

120/80 mm civə sütunu- Optimal qan təzyiqi,

130/85 mm civə sütunu – Normal qan təzyiqi

139/89 mm civə sütunu – Yüksək/normal qan təzyiqi

140/89 mm civə sütunundan başlayaraq arterial hipertenziya diaqnozu qoyula bilər

e-tibb.az