Tərəvəz yeməkləri diabetdən əziyyət çəkən uşaqlar üçün faydalıdır
Bakı, 1 fevral, AZƏRTAC
Sağlam uşaq necə qidalanırsa, diabetdən əziyyət çəkən uşaqlar da eyni cür qidalana bilərlər. Sadəcə burada normal qidalanmadan söhbət gedir. Diabetdən əziyyət çəkən uşağa qadağa qoyduğumuz normal bir yemək yoxdur. Həmin uşaqlar hətta şirniyyatlardan da istifadə edə bilər. Bunun da hər uşağa uyğun miqdarı var, buna şəkər karbohidrat hesabı deyilir. Hər yeməyə uyğun vurulacaq insulin dozası var.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin instaqram səhifəsində “Uşaqlarda şəkər xəstəliyi” mövzusunda canlı yayımda deyib.
A.Əkbərzadənin sözlərinə görə, diabetdən əziyyət çəkən uşaqlar üçün faydalı olan qidalar tərəvəz yeməkləridir. Çünki həmin yeməklərin tərkibindəki vitaminlər, minerallar, karbohidratlar, zülallar keyfiyyətli formadadır: “Həmin uşaqlar üçün şorbalar da xeyirlidir. Bəzi valideynlər diabetli övladların qida rasionundan kartofu çıxarırlar. Lakin kartof da müəyyən miqdarda qəbul edilməlidir. Diabetli uşaqlara gündəlik meyvə porsiyaları da təyin olunur. Onlar müəyyən miqdarda çörək də yeyə bilərlər.
Diabetdən əziyyət çəkən uşaqlar üçün ziyanlı qidalar bəsit karbohidratlardır. Bunlara şəkərlər, şirniyyatlar, şirin və qazlı sular aiddir”.