Təhsil işçiləri qanvermə aksiyasında

8 may – Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.

Aksiyada Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrin əməkdaşları fəal iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qanvermə aksiyası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürülüb.

Toplanan qan Mərkəzi Qan Bankının xüsusi laboratoriyasında yoxlanılacaq, irsi qan xəstələrinin müalicəsində istifadə ediləcək.

 

AZƏRTAC