Tedros Adhanom Qebreyesus: Səhiyyəyə investisiya dayanıqlı inkişafa da təsirini göstərir

Bakı, 9 mart, AZƏRTAC

Səhiyyəyə investisiya dayanıqlı inkişafa da təsirini göstərir. Biz bunu insan hüquqlarının müdafiəsi istiqamətində də istifadə edə bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X Qlobal Bakı Forumunun açılış mərasimində vidokonfrans vasitəsilə çıxışı zamanı deyib.

ÜST-ün baş direktoru forumun səmərəli olacağına və müzakirə olunan problemlərin həllinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Forumun təşkilinə görə Azərbaycanın Prezidentinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayan Forumda bir çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.