Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində 14 minə yaxın müraciət daxil olub
Bakı, 7 avqust, AZƏRTAC
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞT və TTYS) son bir həftə ərzində 13 min 763 müraciət daxil olub. Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 nəfər olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, miokard infarktı səbəbindən 12, insultla əlaqədar isə 52 nəfər klinikalara yerləşdirilib. Cərrahi xəstəliklər səbəbindən daxil olan 112 nəfər stasionarlara alınıb. Doğuşla bağlı 57 müraciət hospitalizasiya edilib. Zədələrlə bağlı müraciətlərin sayı 326 nəfər olub ki, bu xəstələrin 307-si stasionarlara alınıb. Bundan əlavə, baş vermiş 23 yol-nəqliyyat hadisəsi nəticədə 30 nəfər xəsarət alıb. Onlardan 25 nəfər tibb müəssisələrinə çatdırılıb.
Yay mövsümü başlayandan indiyədək BŞT və TTYS-ə ilan sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya olunublar. Günvurma hallarının sayı 102 nəfərdir ki, onlardan 65-i klinikalara çatdırılıb. Suda boğulma ilə bağlı müraciət edən 59 nəfərdən 18-i tibb müəssisələrinə alınıb.
Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanalarına məlumat verilir.