Təcili tibbi yardım maşınlarında kameralar quraşdırılacaq

Yaxın günlərdə respublika üzrə 12 regional məntəqənin təcili tibbi yardım maşınlarında kameralar quraşdırılacaq.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Təcili təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.

Onun sözlərinə görə, bu kameraların köməyi ilə kütləvi və hansısa ağır yol qəzası zamanı yaxınlıqdakı məntəqələrdən əlavə hazır həkim briqadası göndəriləcək.

M.Cəlallov bildirib ki, keçən il ərzində telesəhiyyə vasitəsilə 22 ixtisas üzrə 320 pasiyentə məsafədən 369 məsləhət verilib. Telesəhiyyə məsləhəti əsasında ixtisaslı mütəxəssislər 105 dəfə regionlara göndərilib və 79 pasiyent Bakı şəhərinin tibb müəssisələrinə köçürülüb.

Telesəhiyyə vasitəsilə ən çox məsləhət reanimatologiya (çağırışların 19 %-i), neyrocərrahiyyə (14 %) və nevrologiya ixtisası üzrə mütəxəssislər tərəfindən aparılıb. Telesəhiyyə vasitəsilə ən çox Zaqatalada çağırış olub. (30 faiz). Qubada 27, Bərdədə 23, Gəncə, Masallı, Lənkəranda isə 17 % xəstəyə məsləhət verilib.

 

Trend