TƏBİB-in İdarə Heyətinin sədri koronavirusla mübarizədə aktiv iştirak edən Tədris Terapevtik Klinikanın problemləri ilə maraqlanıb
Bakı, 18 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ramin Bayramlı klinikada koronavirusdan müalicə alan xəstələr üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən pandemiya ilə mübarizədə aktiv iştirak edən klinikanın problemləri ilə maraqlanıb. Ramin Bayramlı, həmçinin klinikanın laboratoriyalarına baş çəkib, buradakı vəziyyətlə tanış olub.
Klinikanın direktoru Surxay Musayev R.Bayramlını mövcud durum, xəstələrin müalicəsinin təşkili, həkimlər və tibb personalının vəziyyəti, üzləşdikləri çətinliklər haqqında məlumatlandırıb. Bildirib ki, klinikanın rəhbərliyi və əməkdaşları ölkəmizdə koronavirusla mübarizə sahəsində dövlət səviyyəsində aparılan işlərə dəstək verir, bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.
Ümumilikdə, COVID-19 pandemiyası ilə mübarizədə klinikanın gördüyü işlər müsbət qiymətləndirilib.