Tanınmış həkimə hökm oxundu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin sabiq müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror təqsirləndirilən həkimin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra Azər Maqsudovun cəzasının 4 il məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi ilə bağlı hökm elan edilib.

Qeyd edək ki, A.Maqsudov 2024-cü il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Hadisə 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub.

Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Elgün Həsənli