Tacikistan səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində ölkəmizin əldə etdiyi təcrübənin öyrənilməsinə maraq göstərir

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə həmin ölkənin səhiyyə və əhalinin sosial müdafiəsi naziri Olimzoda Nasim ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın müxtəlif tərəfləri müzakirə predmeti olub.

Nazir Azərbaycanın son illərdə tibb sahəsinddə əldə etdiyi uğurlar, yeni xəstəxana və diaqnostika mərkəzləri, həmin səhiyyə ocaqlarının ən yeni avadanlıqlarla təchiz olunduğu barədə məlumatı olduğunu bildirib və qeyd edib ki, Tacikistan səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsinə maraq göstərir. Müzakirələr zamanı kardiologiya, oftalmologiya, neyrocərrahiyyə sahələrində əldə edilən təcrübələrin Tacikistanda da tətbiq olunması barədə də söhbət gedib.

Azərbaycanın dost ölkə ilə əməkdaşlığa hazır olduğunu söyləyən səfir ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib və ikitərəfli əməkdaşlığın səmərəli olacağını bildirib.

Görüşdə Tacikistan tərəfi Azərbaycanda səhiyyə və əhalinin sosial müdafiəsi ilə əlaqədar keçirilən beynəlxalq konfrans, simpozium və elmi-praktiki tədbirlərdə iştirak etmək arzusunu, bununla əlaqədar müvafiq qurumlar arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini ifadə edib.

Ölkələrimiz arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində imzalanan müqavilələrə əsasən əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə