Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib
“Sifilis xəstəliyindən ölən körpənin müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.
Bildirilib ki, körpə 2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə dünyaya gəlib:
“2024-cü il avqustun 24-də Kliniki Tibbi Mərkəzdə sifilis xəstəsi olan anadan 27 həftəlik 850 qram çəkisində uşaq dünyaya gəlib. Sifilis birbaşa doğum evində aşkar edilib. Körpə anadangəlmə sifilis diaqnozu ilə avqustun 27-də Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə köçürülüb. Körpəyə anadangəlmə sifilis, ekstremal azçəkili uşaq, infeksiya fonunda inkişaf edən sarılıq, hepatit, tənəffüs pozğunluğu sindromu diaqnozları qoyulub.
Sentyabrın 5-də uşaq Reanimasiya şöbəsindən Vaxtından əvvəl doğulmuşların patologiya şöbəsinə köçürülüb. Qeyd olunan diaqnozlarla uşaq 2025-ci il yanvarın 17-dək müalicə alıb, qaraciyərin fermentləri çox yüksək rəqəmlərdə olub. Sifilis xəstəliyinin protokoluna uyğun olaraq, uşaq mütəxəssisin təyinatı ilə şöbədə müvafiq müalicə alıb. Müalicə dövründə ana ilə dəfələrlə telefon əlaqəsi saxlanılıb, lakin o, uşağı görməkdən imtina edib. Yanvarın 17-də axşam saatlarında qəfil ölüm baş verib. Ölüm barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Baş Prokurorluğa məlumat verilib”, – deyə cavabda qeyd olunub.
Aygün Mirakif
Beşaylıq oğlan uşağı sifilis xəstəliyindən ölüb.
Oxu.Az-ın məlumatına görə, yanvarın 18-də Yasamal rayonunda B.Bağırova küçəsi 4 ünvanında yerləşən “OMD” xəstəxanasında anası 2000-ci il təvəllüdlü Kamilla Ələkbərova tərəfindən imtina edilmiş beşaylıq oğlan uşağı sifilis xəstəliyindən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aytac Qasımova