Şəkidə keçirilən "Addımlarımızın bəhrəsi” tədbiri qan donorlarına həsr olunub

Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəki şəhərində 14 iyun- Ümumdünya Qan Donoru Günü münasibətilə “Addımlarımızın bəhrəsi” adlı tədbir keçirilib. Tədbir “Başqalarını düşün. Qan ver. Həyatını paylaş” şüarı altında təşkil olunub.

Azərbaycan Talassemiya Federasiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi könüllü qan donorlarına şəfqət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması və bütün regionlarda könüllü donorluq ənənəsinin genişləndirilməsidir.

Tədbiri giriş sözü ilə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Әlimirzәyeva açaraq bildirib ki, təbabətin elə bir sahəsi yoxdur ki, orada qan köçürülməsinə ehtiyac olmasın. O, xüsusilə doğuşayardım, cərrahi әmәliyyatlar şöbələrinin və talassemiyalı xəstələrin donor qanına daim ehtiyacı olduğunu misal göstərib.

Ümumdünya Qan Donoru Günü münasibətilə əhali arasında Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi və Mərkəzi Qan Bankı tərəfindən sorğu təşkil olunub. Tədbirdə qonaqlar donor qanı ilə əlaqədar qısametrajlı videoçarx və həmçinin tədbir münasibətilə hazırlanan “Donor ol!” adlı təqdimatı izləyiblər.

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin sədr müavini Gülgün Gündüz çıxış edərək talassemiya xəstələrinin qan donorlarına təşəkkürünü çatdıraraq deyib: “Mənə elə gəlir ki, donor təkcə qanını deyil, həm də öz cizgiləri və həyat təcrübəsini ilə bölüşmüş olur”.

Kliniki Tibbi Mərkəzin qan bankının müdiri Nabat Xəlilova, Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Qorxmaz İbrahimxəlilov və Talassemiya Federasiyası İctimai Birliyinin sədri Nailə Quliyeva çıxış edərək könüllü donorlara xəstələr, ehtiyacı olanlar və valideynlər adından minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

AZƏRTAC