Şəkidə “Ginekoloji və pediatrik problemlərə multidissiplinar yanaşma” mövzusunda regional konfrans keçirilib

Bakı, 7 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Şəki rayonunda “Ginekoloji və pediatrik problemlərə multidissiplinar yanaşma” mövzusunda regional konfrans təşkil olunub. Konfransda Şəki, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay və İsmayıllı rayonlarında çalışan həkim mama-ginekoloq, pediatr, neonatoloq və ailə həkimləri iştirak edib.

AZƏRTAC İSİM-ə istinadla bildirir ki, konfransda İSİM-in direktor müavini Rahib Məmmədov giriş sözü ilə çıxış edərək tədbirin məqsədinin mama-ginekoloji xidmətinin keyfiyyətinin artırılması, doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəltməsi və praktiki bacarıqlarını təkmilləşdirməsi olduğunu deyib.

Sonra K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktor müavini, neonatoloq Azər Əhmədov, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Mamalıq və ginekologiya şöbəsinin müdiri, professor İslam Maqalov, neonatoloqlar – Lalə Nəzərova, Yalçın Mirzəyev, tibb üzrə fəlsəfə doktoru Samirə Tağıyeva, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun kiçik elmi işçisi, pediatr Aynur İsmayılova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Sənubər Vəliyeva, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitunun Neonatologiya şöbəsinin elmi işçisi, həkim-neonatoloq Lalə Rzayeva çıxış ediblər. İştirakçılara neonatal multisistem inflamator sindrom, PAS və qeysəriyyə çapığının digər fəsadları, yenidoğulmuşlarda sarılıqlarda izləm, yuvenil qanaxmalar, diafraqma yırtığı olan yenidoğulmuşlara yanaşma və digər aktual mövzularda ətraflı məlumat verilib, suallar cavablandırılıb.