Şəkərsiz diabet vaxtında müalicə olunmayanda orqanizm susuzlaşır
“Şəkərsiz diabet” termini altında çox miqdarda durulaşmış sidik ifrazı ilə xarakterizə olunan xəstəliklər nəzərdə tutulur. Əksər hallarda həmin xəstəliklər antidiuretik hormonun istehsalı və ya təsirinin pozulması ilə əlaqədar olur.
AZƏRTAC xəbər verir ki, endokrinoloq Gülay Məmmədova xəstəlik barədə danışarkən deyib: “Şəkərsiz diabet şəkərli diabetlə müqayisədə nadir hallarda rast gəlinən xəstəlikdir. Şəkərli diabet insulin çatışmazlığı və ya insulinə rezistenlik, qanda qlükoza səviyyəsinin yüksəlməsi səbəbindən susuzluq və sidik ifrazının artması ilə xarakterızə olunursa, şəkərsiz diabet zamanı yaranan poliuriyanın qanda qlükoza səviyyəsi ilə heç bir əlaqəsi olmur.
Orqanizmdə mayenin həcmini və onun tərkibini balanslaşdıran xüsusi sistemlər fəaliyyət göstərir. İlk növbədə, böyrəklər mayenin artığını orqanizmdən xaric edir və sidik əmələ gətirir. Orqanizmə daxil olan suyun miqdarı azalanda, yaxud hədsiz tərləmə və ya ishal nəticəsində maye itkisi baş verəndə böyrəklər kompensator olaraq daha az sidik ifraz edir, bununla da maye balansını qorumuş olur.
Böyrəklərin maye balansını tənzimi funksiyası birbaşa hipotalamusun nəzarəti altındadır. Orqanizmin bütün endokrin sisteminin işini tənzimləyən hipotalamus, digər adı vazopressin olan antidiuretik hormon maddəsi ifraz edir. Həmin hormonun böyrəklərə təsiri nəticəsində mayenin qan dövranına geri sorulması sürətlənir və əmələ gələn sidiyin sutkalıq miqdarı azalır. Vazopressinin daha bir təsir effekti qan damarlarını daraltmasıdır, lakin həmin mexanizm yalnız şok və qanaxma kimi kritik hallarda işə düşür”.
Xəstəliyin mərkəzi, nefrogen, birincili və ya psixogen şəkərsiz diabetlər növü olduğu qeyd edən endokrinoloq onun əlamətləri barədə bunları söyləyib: “Xəstəliyin əsas əlaməti poliuriya – sidik ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsi olaraq susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır. Gecə saatlarında çoxlu sidik əmələ gəldiyinə görə xəstənin bir neçə dəfə yuxudan oyanması gecə yuxusunun pozulmasına, ümumi halsızlıq və yorğunluğun yaranmasına səbəb olur. Vaxtında diaqnoz qoyulmadıqda və adekvat müalicə başlamadıqda xəstənin orqanizmi susuzlaşır, dərisi quruyur, çəki azalır, başağrıları, ağız suyu ifrazı azaldığına görə ağızda quruma və yaralar əmələ gəlir. Xəstədə arterial təzyiqin düşməsi oyanıq və aqressiv vəziyyətdə olur, ya da əzginlik, qızdırma, stupor, bəzən hətta komatoz vəziyyət inkişaf edir”.
Xəstəliyin diaqnozu və digər əlamətləri haqqında isə həkim bildirib: “Şəkərsiz diabet diaqnozunun qoyulması üçün bəzi diaqnostik kriterilərdən istifadə olunur. Məsələn, sutka ərzində 3 litrdən artıq sidik ifrazı, sidiyin nisbi sıxlığının 1005 vahiddən aşağı olması, normoqlikemiya. Böyrək patologiyası, hiperkalsemiya və hipokalsemiyanın aşkar olunmaması, maqnit-rezonans terapiyasında hipotalamo-hipofizar bölgənin törəməsinin olmaması və s.
Həmçinin xəstə quru qida testindən keçirilir, 8-12 saat ərzində xəstəyə maye verilmir. Nəticədə sidiyin nisbi sıxlığı və osmolyarlığı artmır və bədən kütləsi 5 faizdən çox azalırsa, şəkərsiz diabet diaqnozu təsdiqlənir.
Mərkəzi tipli şəkərli diabet daha ciddi formadır və hipotalamo-hipofizar sahənin zədələnməsi nəticəsində inkişaf edir. Onun səbəbi onkoloji proses, kəllə-beyin travmaları, infeksion xəstəliklər, meninqoensefalitlər, beyin damarlarının anevrizmaları, neyrocərrahi əməliyyatlar və ya genetik çatışmazlıqlar olur. Patologiyanın həmin növünün müalicəsi üçün antidiueretik hormonun sintetik analoqu olan desmopressinlə əvəzedici terapiya təyin olunur.
Nefrogen şəkərsiz diabet böyrəklərin antidiuretik hormona qarşı həssaslığının itməsi nəticəsində yaranır və onun səbəbi bəzi dərman maddələri, məsələn, litium preparatları, böyrəklərin polikistozu, oraqvarı hüceyrə anemiyası, xroniki böyrək çatışmazlığı və ya genetik pozulmalar ola bilər. Nefrogen şəkərsiz diabetin müalicəsində sidikqovucular, qeyri-steroid iltihab əleyhinə preparatlar təyin edilir və qəbul edilən qidada xörək duzunun miqdarı azaldılır.
Bəzi hallarda mərkəzi tipə nefrogen şəkərsiz diabeti ayırmaq üçün desmopressenlə sınaq müalicə aparılır və həmin preparat nefrogen tipdə səmərəsiz olur.
Disposogen şəkərsiz diabet hipotalamusda yerləşən susuzluq mərkəzinin anadangəlmə qüsuru və ya zədələnməsi nəticəsində yaranır. Zədələnmə anormal susuzluq hissinin yaranması və xəstənin hədsiz miqdarda çoxlu maye qəbul etməsi ilə nəticələnir. Çoxlu su qəbulu qanda vazopressinin səviyyəsinin yüksəlməsinə və sidik ifrazının artmasına səbəb olur. Disposogen diabet əksər hallarda psixi pozulmalarla müşayiət olunduğundan onun adekvat müalicəsi müəyyən edilməyib.
Hestasion şəkərsiz diabet hamiləlikdə yaranır, bu zaman plasenat fermentləri ananın qanında olan antidiuretik hormonu parçalayır. Patologiya adətən III trimestdə baş verir və doğuşdan sonra spontan olaraq keçir”.