Şəkərli diabet qeyri-infeksion xəstəliklər arasında ölüm səbəbinə görə üçüncüdür

Bakı, 14 noyabr, AZƏRTAC

Şəkərli diabet qeyri-infeksion xəstəliklər arasında kardiovaskulyar və onkoloji xəstəliklərdən sonra ölüm səbəbinə görə üçüncü yeri tutur. Xəstəlik nə qədər erkən aşkarlanarsa və profilaktikası həyata keçirilərsə, ağır fəsadların qarşısını bir o qədər erkən almaq olar. Şəkərli diabet vaxtında müalicə olunmasa, nevropatiya, neyropatiya, retinopatiya, ürəyin işemik xəstəliyi, insult və amputasiyaya gətirib çıxara, aşağı ətrafların angiopatiyasına, diabetik pəncə kimi fəsadlaşmalara səbəb ola bilər. Həmin xəstəliklərin müalicəsinə sərf olunan xərc şəkərli diabetin profilaktika və müalicəsinə sərf edilən vəsaitdən çox olur.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova Ümumdünya Diabet Gününə həsr olunmuş “İş yerində diabetlə mübarizə aparmaq üçün məlumatlı olun və daha çox cəhd edin” şüarı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində şəkərli diabetin profilaktika, müalicə və müayinəsinə dair xeyli xidmətlər mövcuddur. Həmin xidmətlərə laborator və instrumental diaqnostik müayinələr, göz dibinin yoxlanması, illik 150 limitlə böyrək transplantasiyası və s. daxildir. Şəkər xəstələrinin xəstəxanada stasionar müalicə aldıqları müddətdə müayinə və müalicə xərcləri də icbari tibbi sığorta tərəfindən qarşılanır.