Səhiyyə sahəsində elmi-tədqiqat institutlarının əməkdaşları üçün təlimlərə başlanılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə elmi-tədqiqat institutlarının əməkdaşları üçün “Elmi-tədqiqatların metodologiyası” adlı təlimlərin keçirilməsinə başlanılıb.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində Türkiyənin Azərbaycandaki səfiri Cahit Bağcı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Türkiyə Respublikası Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz, agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri Elmir Bəşirov və Firəngiz Əliyeva, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Elmir Bəşirov keçiriləcək təlimlərin elmi-tədqiqat institutlarının inkişafında mahiyyətcə yeni mərhələnin başlanmasında müstəsna rola malik olacağını bildirib. O, 30 illik müstəqillik tarixində Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla əks olunduğunu deyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova isə Türkiyə və Azərbaycan Respublikası arasında sıx əməkdaşlığın bütün sahələri əhatə etdiyini qeyd edib. Ölkəmizdə icbari tibbi sığorta çərçivəsində səhiyyə xidmətinə vətəndaş əlçatanlığının təmin edildiyini, eyni zamanda, ixtisaslı kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində qardaş ölkə ilə təcrübə mübadiləsinin aparıldığını bildirib.
Çıxış edən fövqəladə və səlahiyyətli səfir Cahit Bağcı isə bir neçə gün öncə Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edib. Səfir istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19-la mübarizə tədbirlərində qardaş ölkənin daim Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman birlikdə addımlayacaqlarını vurğulayıb.
Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz tədbirdə iştiraklarından məmnunluqlarını ifadə edib və bundan sonra da birgə fəaliyyətin davamlı olacağını bildiriblər.
Daha sonra isə institutlarda çalışan mütəxəssislər üçün təlimlərin keçirilməsinə başlanılıb. Ümumilikdə 25 tədqiqatçının iştirak etdiyi təlim iki gün davam edəcək və sonda iştirakçılara təlim kursunu başa vurmalarına dair sertifikat veriləcək.