Səhiyyə Nazirliyinin mütəxəssisləri “Neonatololoji və pediatrik qidalanmaya multidissiplinar yanaşma” konfransında iştirak ediblər
Bakı, 9 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin mütəxəssisləri “Neonatololoji və pediatrik qidalanmaya multidissiplinar yanaşma” adlı onlayn konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə tibb işçilərinin bilik və bacarıqlarının artırılması, ana-uşaq sağlamlığının qorunması, yeni doğulanların koqnitiv inkişafına müasir yanaşmanı, koronaviruslu uşaqlarda xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, qidalanmaya yanaşmanı və bu sahədə müasir yeniliklər ilə tibb işçilərini tanış etmək məqsədilə Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyə Nazirliyinin Neonatal Xidmətin Təkmilləşdirilməsi Komissiyası, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, “Uptodate in Medicine” təşkilatının birgə əməkdaşlığı ilə iyulun 5-dən 7-nə kimi “Neonatololoji və pediatrik qidalanmaya multidissiplinar yanaşma” adlı onlayn konfrans keçirilib. Tədbirdə Türkiyə və Azərbaycandan 200-dək həkim iştirak edib.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov “Ana südü ilə qidalanma ilə nekrotik enterokolit arasında əlaqə” adlı məruzə ilə çıxış edib.
Bakı şəhəri baş allerqoloqu, professor Lalə Allahverdiyeva “COVID-19-un pediatrik problemləri” adlı vacib və aktual təqdimatla çıxış edərək, iştirakçı həkimlərin ona ünvanladığı suallara aydınlıq gətirib.
Konfransda, həmçinin Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimovun, Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının professoru Vəli Əsmətovun, Elmi Tədqiqat-Mamalıq Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri Fatimə Hacıyevanın, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Azər Əhmədovun və digərlərin məruzələri dinlənilib.
Tədbirdə “Uşaqlarda həzm sistemi orqanlarının funksiyalarına təsir edən preparatların farmakologiyası”, “Nevroloji xəstəliklərdə qidalanmanın rolu”, “Uşaqlarda refluks xəstəliyi”, “Uşaqlarda dəmir defisitli anemiyalar” və digər mövzular müzakirə olunub.
Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 18 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.