Səhiyyə Nazirliyinin həkim-metodisti Hindistanda sertifikata və iki mükafata layiq görülüb

Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) Çandigarh şəhərində “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı” mövzusunda təlim keçirilib.

İSİM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Şəhla Mirzəzadə də təlimdə iştirak edib.

Təlim çərçivəsində ictimai səhiyyə idarəetməsinin əsasları, səhiyyənin elektronlaşdırılmasının əhəmiyyəti, ictimai səhiyyədə səhiyyə siyasətinin formalaşdırılması, səhiyyədə liderlik, qrup işinin və layihə idarəetməsinin əsasları, səhiyyə idarəetməsi üzrə fəaliyyət planının hazırlanması mövzusunda bir sıra təlim və qrup işləri keçirilib. Qeyd edilib ki, Hindistan kimi digər İTEC ölkələri də qeyri-infeksion xəstəliklər – ürək-damar, onkoloji, şəkərli diabet və xronik obstruktiv ağciyər xəstəlikləri, həmçinin təhlükəli HİV, vərəm və malyariyanın müalicəsi və onların qarşısının alınması sahəsində geniş işlər görür və ona görə də, həmin ölkələrdə ictimai səhiyyə problemlərini həll etmək üçün sağlamlıq keşikçilərinin biliklərinin təkmilləşdirilməsinə böyük ehtiyac var.

Beş gün davam edən təlim çərçivəsində mövcud ictimai səhiyyə problemlərinin səmərəli həlli üsulları və ictimai səhiyyədə işçi qüvvəsinin potensialını artırmaq üçün prioritet məsələlər müzakirə olunub. Proqramın sonunda iştirakçılara “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı” sertifikatı təqdim olunub və gələcək qarşılıqlı əlaqə mübadiləsi yaradılıb.

Təlim proqramı çərçivəsində təşkil olunmuş mədəni-maarifləndirici “Ölkə təqdimatı” gecəsində ölkəmizin gözəllikləri, milli-mənəvi dəyərləri və mədəni irsini proqram iştirakçılarına çatdıran həmyerlimiz “Best cultural performance” və “Best selfie” mükafatları da qazanıb.

 

AZƏRTAC