Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu: Bəzən qeysəriyyə kəsiyi əməliyyatını zəruri edən səbəblər olur
Son vaxtlar ana olmağa hazırlaşan xanımların üstünlük verdiyi qeysəriyyə kəsiyi əməliyyatı nəticəsində dünyaya gələn uşaqlarda əqli inkişaf problemi olduğu barədə iddialar yayılıb.
AZƏRTAC xəbər verir ki, Respublika Perinital Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovanın dediyinə görə, bəzən ana bətnində olan körpədə problemlər aşkar edildikdə qeysəriyyə kəsiyi əməliyyatı aparmaq lazım gəlir. Bununla yanaşı ananın səhhətində olan problemlər də bu əməliyyatı zəruri edir: “Əgər problem ana ilə əlaqədardırsa, həkimlər hamiləliyi 32-ci həftəyə çatdıraraq planlı şəkildə körpəni dünyaya gətirməyə çalışırlar. Lakin bəzən həmin əməliyyatın aparılmasını təxirəsalınmaz edən səbəblər də olur. Müəyyən hallarda ana müraciət edəndən yarım saat sonra onu dərhal əməliyyat stoluna çıxarmaq lazım gəlir. Bu zaman həm ananın, həm də onun bətnindəki körpənin həyatı üçün ciddi təhlükə yarandığına görə əməliyyatı mümkün qədər tez icra etmək lazım gəlir. Əməliyyatdan sonra bəzən, uşağı tənəffüs aparatına qoşaraq onun həyatı uğrunda mübarizə aparırıq”.
Həkimin verdiyi məlumata görə, 39 həftə tamam olmadan qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə dünyaya gələn uşaqlarda müəyyən problemlərin olması mümkündür. Həmin uşaqların immuniteti zəif olur, tez-tez xəstələnir, əksər hallarda bronxit və nevroloji problemlərdən əziyyət çəkirlər. Hətta bəzən erkən doğuş zamanı da belə problemlər yaranır.
“Hamiləliyin 22-ci həftəsindən sonra dünyaya gələnlər vaxtından əvvəl doğulmuş hesab olunur. Ümumiyyətlə normal çəkidən az doğulan körpələr tənəffüs aparatına qoşulur. Qeysəriyyə kəsiyi əməliyyatı belə körpələrin zədə almadan dünyaya gəlməsinə xidmət edir. Əqli çatışmazlığın meydana çıxma səbəbləri müxtəlifdir. Həmin halların qeysəriyyə kəsiyi əməliyyatı ilə əlaqədar olduğunu təsdiq edən mənbə yoxdur. Onu da qeyd edim ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulan körpələrdə yaranan problemləri müəyyən vaxtdan sonra aradan qaldırmaq mümkündür”, – deyə mama-ginekoloq bildirib.