Səhiyyə Nazirliyindən “smes” xəbərdarlığı

“Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə (“smes”) qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını qoruyur”.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyivə UNİCEF-inbirgə açıqlamasında bildirilib.

Açıqlamada vurğulanıb ki, əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur:

“Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, mənəviyyatı saf, vicdanı təmiz tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir.

“NORMATİV SƏNƏDLƏRƏ ƏLAVƏLƏR HAZIRLANIR”

Diqqətə çatdırmaq lazımdır ki, yenidoğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Bu məqsədlə UNİCEF-in “Körpə dostu klinikası” təşəbbüsü ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin istiraki ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb. Bu işə 2019-cu ilin yanvar ayından start verilib. Lahiyənin birinci mərhələsində mövcud problemlər müzakirə edilib, lahiyənin mərhələləri işlənib. İşin I mərhələsində respublikanın bir sıra doğum evlərində ilkin audit aparılıb. Analarla fərdi sorğu keçirilib. Sorğunun nəticələri araşdırılıb, real mənzərə müəyyən edilib. Hal-hazırda II mərhələ davam edir – həkimlərə və tibb bacılarına treninqlər keçirilir, hamilələr və yeni ana olanlar üçün informasiya mənbələri, normativ sənədlərə əlavələr hazırlanırMəqsədimiz və hədəfimiz bütün doğum evlərində istər təbii doğuş, istərsə də keysəriyə kəsiyi ilə doğulmasından asılı olmayaraq bütün uşaqlara ana ilə dəri təmasının qurulmasını, gələcəkdə körpənin ana südü ilə uğurlu qidalanmasını təmin etmək üçün ilk 1 saat ərzində döşə qoyulmasını tətbiq etməyə nail olmaq və bunun vacibliyini analara izah etməkdir ki, süni qida qəbulu adi hala çevrilməsin”.

Açıqlamada bildirilib ki, hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə məlumatlandırma aparılır:

“Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək, körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin askar edilməsi üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir. Bunun üçün ana ilə yenidən əlaqə saxlanılır. Əldə olunan nəticələr audit aparılan klinikaların rəhbərliyi ilə birgə dəyirmi masada mütəmadi müzakirə olunur.

Ana olmağa hazırlaşan əziz qadınlarımız, doğum evlərində olarkən körpənizi yalnız ana südü ilə qidalandıracağınızı qətiyyətlə tələb edin və yeni doğulmuş körpənizi həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırın! Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin.

Əziz analar, unutmayın ki, ən effektiv südgətirici vasitə – sizin bir ana kimi uşağınızı əmizdirməyə qabil olmağınız və ana südünün onun üçün ən ideal və əvəzsiz qida olmasına əminliyinizdir!”