Səhiyyə Nazirliyi sistemində elektron xidmətlər

Bu gün Səhiyyə Nazirliyində açıq hökumət tərəfdaşlığı çərçivəsində səhiyyə sistemində görülən işlərə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Səhiyyə Nazirliyinin aparatının, şöbə və bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin də üzərinə müəyyən öhdəliklər düşür.

İclas zamanı Fəaliyyət Planının icrası üzrə 2017-ci il üzrə görülmüş işlər və zəruri addımlar müzakirə edildi. Qeyd edildi ki, vətəndaşların sorğu və müraciətlərinin vaxtında və daha da effektiv həll edilməsi məqsədi ilə mütəmadi olaraq işlər aparılır, Səhiyyə Nazirliyinin “9103” Qaynar Xətti və Elektron Səhiyyə Mərkəzi fəaliyyəti fəaliyyət göstərir.

Toplantıda qurumun şöbə və sektor rəhbərləri acıq hökumətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələlərinə dair Səhiyyə Nazirliyinin şöbələri üzrə görülmüş işlərdən danışıblar, həmçinin qarşıdan gələn dövrdə rüblər üzrə nəzərdə tutulan tədbirləri müzakirə ediblər.

Sonda toplantı iştirakçılarına müvafiq göstəriş və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə hesabat xarakterli məlumatların vaxtında toplanması tapşırılıb.

Qeyd edək ki, indiyə kimi Səhiyyə Nazirliyi sistemində elektron xidmətlər üzrə bir sıra işlər görülmüşdür. Belə ki, Mərkəzləşmiş İşə Qəbul elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun olaraq yenidən hazırlanmış və tətbiq edilmişdir, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin edilmişdir.

Yeni elektron xidmət olan “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanaraq tətbiq edilmişdir.

“Elektron xidmət növlərinin Siyahısı”nda göstərilmiş 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılmışdır. Bu xidmətlərin 33-ü “Elektron hökumət” portalına inteqrasiya edilmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı