Səhiyyə Nazirliyi Laçın şəhərində əhali üçün kardioloji müayinələr təşkil edib
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 12-də nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkim briqadası tərəfindən Laçın şəhərində əhali üçün kardioloji müayinələr keçirilib.
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.
Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.
Aksiya çərçivəsində ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Ümumiyyətlə, aksiya zamanı 200-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Laçın ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.
Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəlikləri müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. Direktorun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.