Səhiyyə Nazirliyi əczaçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib
Səhiyyə Nazirliyi əczaçılıq fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edərək onları bu sahə üzrə yeni qəbul olunan tələblərə riayət etməyə çağırıb.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən tətbiq olunan yeni sənədlərə əsasən, dərmanların satışı ilə əlaqədar apteklər qarşısında tələblər sərtləşdirilib:
“Əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyənlər məsuliyyət tədbirləri görüləcək. Əgər tələblərə riayət edilməməklə bağlı nazirliyə hansısa şikayət və ya müraciət daxil olarsa, pozuntuya yol verən şəxs cərimələnəcək”.
E.Əzizov əlavə edib ki, əczaçılıq sahəsində məsuliyyətlərdən biri də qiymətləri dövlət tərəfindən tənzimlənən dərmanların qiymətlərinin dəyişdirilməsi, qeydiyyata alınmayan, keyfiyyətsiz dərmanların satılmasına görə inzibati məsuliyyətdir: “Hətta vurulan ziyanın məbləğindən asılı olaraq, bu hallar cinayət məsuliyyətinə də səbəb ola bilər. Ona görə də bu sahədə çalışan sahibkarlardan xahiş edirik ki, bu qaydalara əməl etsinlər”.
Nazirlik rəsmisi bildirib ki, əczaçılıq sahəsi üzrə bu ilin əvvəlindən tətbiq olunan sənədlərlə bağlı həkimlər və vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Trend