Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
Bakı, 21 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
Növbəti belə qəbul Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən fevralın 21-də İmişli Mərkəzi Rayon Xəstəxanasında keçirilib.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Saatlı və İmişli rayon sakinlərinin sağlamlıq problemlərini, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.