Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə köməklik göstərirlər.
Növbəti belə qəbul sentyabrın 25-də Astara Mərkəzi Rayon Xəstəxanasında keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Astara, Lənkəran, Lerik və Masallı rayonlarından olan 28 vətəndaşın sağlamlıq problemləri, işlə təminatı və digər məsələlərlə bağlı müraciətlərini dinləyib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.