Şəhid və qazi ailələri TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işlə təmin olunublar
Bakı, 7 iyun, AZƏRTAC
Ölkə başçısının göstərişinə əsasən, respublikada şəhid və qazi ailələrinə diqqət və qayğı məsələləri prioritet məsələlər sırasına daxildir.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla bildirir ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki müxtəlif tibb müəssisələrində Qarabağ müharibəsi iştirakçıları olan şəhid və qazi ailələrinin üzvlərinin işlə təmin olunması prosesi həyata keçirilir. Şəhid və qazi ailələrinin üzvlərinin vaxtaşırı işlə təminatı məsələlərinə baxılır, onlara ixtisaslarına uyğun müvafiq iş təklifləri edilir və müxtəlif tibb müəssisələrində işlə təmin olunurlar.
Belə ki, daha beş nəfər İkinci Qarabağ müharibəsi qazisinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidimizin ailə üzvləri müvafiq olaraq Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan 10 və 12 saylı şəhər, 20 və 16 saylı uşaq poliklinikalarında, həmçinin 30 nömrəli ambulatoriya tibb müəssisəsində öz ixtisaslarına uyğun həkim-pediatr, tibb bacısı və sanitar qadın vəzifələrinə təyin ediliblər.