Şəhid övladları Respublika Kliniki Xəstəxanasında əməliyyat olunublar
Azərbaycan Ordusunun mayoru, şəhid Məmmədov Əlövsət Əli oğlunun qızı Aysun Məmmədzadə və oğlu Sənan Məmmədzadə Respublika Kliniki Xəstəxanasında LOR həkimi Könül Bayramova tərəfindən müayinə olunublar. Hər iki uşağa həkim tərəfindən xroniki tonzillit dekompensasiya olmuş forma, Adenoid ııı dərəcəli diaqnozu qoyulub və Adenotonzillektomiya əməliyyatı həyata keçirilib.
Bu barədə Aztibb.az-a Respublika Kliniki Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, əməliyyatdan sonra həkim tərəfindən hər iki uşağın vəziyyəti normal olaraq qiymətləndirilir.
Xatırladaq ki, Azərbaycan Ordusunun mayoru olan Əlövsət Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Əlövsət Məmmədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra o, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.