Şamaxı rayonunun Göylər qəsəbəsində yeni tibb məntəqəsinin tikintinə başlanılacaq
“Regional İnkişaf” İctimai Birliyi və Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Şamaxıda yeni tibb məntəqəsi inşa olunacaq
Şamaxı rayonunun Göylər qəsəbəsində yeni tibb məntəqəsinin tikintinə başlanılacaq. Bununla əlaqədar fevralın 13-də Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında müqavilə imzalanıb.
Layihənin icrasına Göylər qəsəbə sakinlərindən tibb məntəqəsinin tikintisi ilə bağlı RİİB-ə daxil olmuş müraciət əsasında başlanılıb.
Yaponiyanın Azərbaycandakı səfiri cənab Teruyuki Katorin layihənin Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” üzrə həyata keçirildiyini bildirib. Səfirin sözlərinə görə, proqram çərçivəsində bu günədək ölkəmizdə səhiyyə, təhsil, ekologiya, sosial təminat və digər sahələrdə çoxsaylı layihələr reallaşdırılıb.
“Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev inşa ediləcək müasir tibb məntəqəsində stomatoloji, ginekoloji, terapevtik, pediatriya bölmələri və laboratoriyanın fəaliyyət göstərəcəyini qeyd edib və bu layihənin Göylər qəsəbəsi ilə yanaşı yaxın ətraf kəndlərdə yaşayan, ümumilikdə 15 mindən çox sakinə səhiyyə xidmətlərinin göstərilməsində müstəsna rol oynayacağını bildirib.
Bildirilib ki, “Regional İnkişaf” İctimai Birliyi bölgələrdən daxil olmuş müraciətlər əsasında elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat və digər sahələrdə bir sıra layihələr həyata keçirməkdədir.