Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə işlərini davam etdirir. Bu layihə çərçivəsində Respublika Prezidenti yanında Bilik Fondu ilə birgə 86 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
İSİM-in mütəxəssisi Nərmin Əliyeva “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda geniş təqdimatla çıxış edərək, insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar ətraf mühitə verdiyi zərərlərdən söz açıb.
Ətraf mühitin çirklənməsinin sağlamlığa ciddi ziyan vurduğunu bildirən N.Əliyeva bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağıran natiq tütün məmulatlarından istifadənin, eləcə də ikincili tütünçəkmənin atmosferə və uşaqların hələ tam formalaşmamış orqanizminə göstərdiyi mənfi təsirlərdən danışdı. İnsanın sağlam olması üçün təmiz və təhlükəsiz ətraf mühitin əsas amil olduğunu vurğulayan N.Əliyeva şagirdlərə ətraf mühiti qorumaq üçün lazımi tövsiyələr verdi.
Tədbirin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırıldı, iştirakçılara İSİM-in hazırladığı maarifləndirici materiallar paylanıldı.
Səhiyyə Nazirliyini Mətbuat Xidmətinin məlumatı