Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva – Trend:

Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib.

COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir.

Testdən keçirilmə üçün xəstənin simptomlarının başlanıldığı gündən minimum 14 gün keçməli, 3 gün isə simptomsuz olmalıdır. Bu dövr bitdikdə xəstə ərazi üzrə poliklinikaya müraciət etməlidir.

Onun sözlərinə görə, vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:

“Vətəndaş bu arayışla işə çıxa bilər. Amma nəzərdə saxlamaq lazımdır ki, həmin arayış yalnız verildiyi gün üçün etibarlı hesab edilir”.