Rusiyadakı qrip virusları ölkəmizə keçə bilər?
Rusiyada qrip virusu və ARVI epidemiyası artıb.
Real TV “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor” xidməti məlumat yayıb. Bildirilib ki, Rusiyanın 30-a yaxın ərazisində epidemiya yayılıb.
“Bu ilin 12 həftəsi ərzində ölkədə qrip virusu və ARVI epidemiyası sürətlə yayılır. Ölkənin 8 şəhərində virusla bağlı vəziyyət kritikdir. Rusiyanın 10 regionunda isə əsasən uşaqlar arasında zökəm və ARVI epidemiyası kəskin yayılır”, – deyə məlumatda bildirilib.
Qonşu dövlətdə tüğyan edən epidemiyanın Azərbaycanda da yayılma təhlükəsi varmı? Hazırda son günlərdə ölkə ərazisində yayılan qrip virusunun həmin epidemiya ilə əlaqəsi varmı?
Bununla bağlı mütəxəssislərə müraciət etdik. Azərbaycanın baş pediatrı Nəsib Quliyev Real TV-yə açıqlamasında bildirib ki, hazırda ölkədə uşaqlar üçün təhlükə törədə biləcək epidemiya yayılmayıb. Onun sözlərinə görə, hazırda ölkədə yayılmış qrip virusunun Rusiyadakı epidemiya ilə heç bir əlaqəsi yoxdur.
“Hazırda uşaqlar arasında qrup şəklində xəstənmələr var, lakin epidemiya yoxdur. Bundan sonra da, qrip epidemiyasının yayılacağı gözlənilmir. Havalar isindikcə, virusların açıq havada və günəş şüaları altında yaşama şansı yoxdur. Ona görə də, bizdə qorxulu hal gözlənilmir”, – deyə N.Quliyev bildirib.
Həkim deyir ki, uşaqlar arasında yayılmış adenavirus, renavirus, rotaviruslar və paraqrip viruslarıdır: “Düzdür uşaqlar arasında həmin viruslar geniş yayılıb. Lakin həmin virusların ölkəmizdə epidemiya şəklində yayılması faktı qeydə alınmayıb”.
Baş pediatr hazırda uşaqların səhhətinə təsir edə biləcək problemlərə də toxunub: “Yaz mövsümündə Azərbaycanda ən çox rast gəlinən allergik xəstələrin sayının çoxalmasıdır. Yaz vaxtı bitki-çiçək tozcuqlarının yaratdığı xəstəliyə tibbi dildə “pollinoz” deyilir. Yəni ağaclar çiçək açdıqca, tozlanma olduqca, ətraf yaşıllaşdıqca onlardan gözə görünməyən kiçik hissəciklər havaya yayılır. Bunlar da allergiyaya meyilli olan uşaqlarda xəstələnməyə səbəb olur. Dəridə səpkilər yaranır. Burun axmaları olur. Hətta bu xəstəliklər boğulmalara səbəb olur. Valideynlər allergiyaya meyilli olan övladlarını qorumalıdırlar. Qabaqlayıcı tədbirlər görməlidirlər ki, həmin uşaqda problem yaranmasın. Valideynlər gözləməsinlər ki, uşaq xəstələnəndən sonra həkimə aparsınlar”.
Uşaq həkimi Əli Quliyev isə Real TV-yə açıqlamasında bildirib ki, hazırda qrip virusları ölkə ərazisində aktivdir.
“Hər il yaz və payız aylarında viruslar aktivləşir. Qrip xəstəliyi hər il, iki ildən bir özü yenilənən virusdur. Yəni bu il rahat keçirdiyimiz xəstəliyi gələn il daha ağır şəkildə qarşılaya bilərik. Bədənimiz bu virusu tanımadığı üçün daha anormal reaksiya verə bilər”, – deyə Ə.Quliyev bildirib.
Nə edə bilərik ki, Rusiyadan bu viruslar bizim övladlarımıza bulaşmasın?
Həkim deyir ki, əgər qonşu ölkələrdə epidemiya varsa, bu xəstəlik bizim ölkə üçün də real təhlükədir:
“Gərək Rusiyadan heç kim Azərbaycana gəlməsin ki, bu viruslar ölkəmizdə yayılmasın. Bu da mümkün olan məsələ deyil. Lakin hələlik ölkəmizdə qorxulu sayıla biləcək epidemiya yoxdur. Klassik qrip virusları, mədə-bağırsaq viruslar, qusmalar və s. ilə nəticələnə biləcək xəstəliklər var. Bunlar da, mövsüm olaraq gözlənilən səviyyədədirlər. Qrip virusları həmişə insan sağlamlığı üçün təhlükəli hesab olunur. İnsan qripdən ölə bilər. Ən çox isə uşaqlar, əsasən də, 5 yaşına qədər olanlar üçün təhlükəlidir. Buna görə diqqətli olmaq lazımdır. Həkim nəzarətində olmalıdırlar. Ümumiyyətlə bu tip viruslardan qorunma metodları yoxdur”.
Ə.Quliyev əlavə edib ki, uşaqları insanların çox olduğu qapalı məkanlara aparmaq təhlükəlidir.
Ziya SƏCCAD
Real TV