Rezidenturaya əlavə ixtisas seçimi elan edilib
Bakı. 28 avqust. REPORT.AZ/ Rezidenturaya yenidən ixtisas seçimi elan edilib.
Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, iyulun 10-16-da rezidenturaya qəbul olmaq istəyən namizədlər tərəfindən aparılan ixtisas seçimi başa çatdıqdan sonra Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib.
Nazirlər Kabineti Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına, ümumulikdə, 39 təhsili dövlət sifarişli və Nazirlər Kabinetinin 27 avqust tarixli 596s nömrəli sərəncamı ilə 100 təhsili ödənişli əsaslarla olan plan yerlərinin əlavə edilməsi haqqında qərar verib.
Bildirilib ki, bununla əlaqədar bu elanın 1.1 bəndində göstərilən müsabiqə şərtlərini ödəyən namizədlər avqustun 29-dan sentyabrın 3-dək aparılacaq ixtisas seçimində iştirak edə bilərlər. İyulun 10-16-da aparılan ixtisas seçimində iştirak edərək ərizələrini təsdiq edən namizədlərin ərizələri öz hüquqi qüvvəsini saxlayır və həmin namizədlərdən ərizələrini yenidən təsdiq etmək tələb olunmur. Lakin plan yerlərinin sayının artırıldığını nəzərə alaraq, ərizəsində dəyişiklik etmək istəyən namizədlər sistemə daxil olaraq “Ərizənin təsdiqini ləğv et” düyməsini basmaqla istədikləri dəyişiklikləri edib ərizələrini yenidən təsdiq edə bilərlər.
Namizədlər avqustun 29-dan sentyabrın 3-dək müsabiqədə iştirak etmək üçün eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar (bax: “Rezidentura” jurnalı, № 2, səh.2 ).
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə (bax: “Rezidentura” jurnalı, № 3, “Rezidentura üzrə ixtisas seçimi cədvəli”, səh. 4) uyğun olan ixtisasları seçir, sonra onların kodlarını (bax: bu elana əlavə edilən “2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul aparılan ixtisaslar”) öz elektron ərizəsindəki ixtisas seçimi formasına (bax: “Rezidentura” jurnalı, № 3, səh. 4) istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.
Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bala) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
– baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
– ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.
Ümumi balı eyni olan iki və daha çox namizədi birbirindən fərqləndirmək mümkün olmadıqda onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
Müsabiqənin nəticələri açıqlandıqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən 1.1-ci bənd nəzərə alınmaqla ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı namizədlərin müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. Namizəd müəyyən olunmuş müddətdə Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini Mərkəz tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına:
– Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə;
– Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinə;
– Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.