Respublika Perinatal Mərkəzində seminar keçirilib

Respublika Perinatal Mərkəzində “Mamalıqda ölümlə nəticələnməyən ağır halların təhlillərinin keyfiyyətini artırmaq və bu təcrübəni geniş miqyasda tətbiq etmək” mövzusunda seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Dünya Səhiyyə Təşkilatı, BMT-nin Əhali Fondunun və respublikanın müxtəlif səhiyyə ocaqlarının nümayəndələri iştirak edirlər.

Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib ki, ötən il respublika ərazisində 20 ana ölümü faktı qeydə alınıb, 50-dən çox tibb işçisi cəzalandırılıb. Cari ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib. Ölüm halları Bakıda 3, bölgələrdə 4-ə bərabər olub. Nəticədə 12 nəfərə töhmət verilib, 1 nəfər həbs edilib.

“Hamilə qadınlar xəstəliklərini adətən həkimlərdən gizlədirlər. Əgər onların xəstəlikləri əvvəlcədən bilinsə, göstərilən tibbi xidmət daha keyfiyyətli olar. Hamilə qadınlar arasında əsasən anemiya, qan, böyrək və ürək xəstəlikləri geniş yayılıb. Həmin xəstəliklər hamilə qadınları risk qrupuna daxil etmək üçün meyar hesab olunur”, – deyə baş mama-ginekoloq vurğulayıb.

S.Məmmədova 2017-ci ildə Azərbaycanda 37 618 abort icra edildiyini də qeyd edib. O, deyib ki, abortlar əsasən 18-25 yaşlı qadınlar üzərində icra olunub və abortdan sonra ölüm və ağırlaşma halı baş verməyib. Bununla yanaşı, ötən il təxminən 18 yaşına çatmayan 5-ə yaxın qadın abort edib.

 

AZƏRTAC