Reproduktiv sağlamlıqla bağlı maarifləndirici görüş təşkil olunub
Bakı, 20 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bakı Slavyan Universitetində “Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir təşkil edib. Bu barədə AZƏRTAC-a mərkəzin mətbuat xidmətindən bildirilib.
Universitetin tibbi biliklərin əsasları və mülki-müdafiə kafedrasının müdiri Pərvanə Cəfərova tədbirdə çıxış edərək tibbi maarifləndirmə işinin aparılmasının əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynadığını bildirib.
Universitetin təlim-tərbiyə üzrə prorektoru Xanım Sultanova ictimai səhiyyənin əhəmiyyətini vurğulayıb, lazımi profilaktika və məlumatlılıq sayəsində bir sıra xəstəliklərdən uzaq olmağın mümkünlüyünü bildirib.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Lətafət Dadaşova təqdimatla çıxış edərək tələbələrə reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar, o cümlədən abortların qadın sağlamlığına mənfi təsiri barədə məlumat verib. O, gənc nəslə daha məsuliyyətli olmağı, səhhəti ilə bağlı məsələlərə biganə yanaşmamağı tövsiyə edib.
Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı maarifləndirici materiallar paylanılıb.