Ramin Bayramlı: Bakıda ilk modul tipli xəstəxana gələn həftə TƏBİB-ə təhvil veriləcək
Bakı, 1 may, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən 10 modul tipli xəstəxananın tikintisi davam etdirilir. Bakı şəhərində ilk xəstəxana gələn həftə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriləcək. Bizim mütəxəssislərimiz də, xüsusi təlim qruplarımız da bu xəstəxanalarda çalışacaq tibbi personalın hazırlığını davam etdirirlər. İlk xəstəxana üçün təlimlər başa çatdırılıb. Personal hazır vəziyyətdədir. Karantin rejimini yumşaltdıqca gələcəkdə infeksiyanın ikinci dalğasının baş verə bilməsi ehtimalını düşünərək bu addımları atırıq və çarpayı fondumuzu daha da zənginləşdiririk. Həmçinin kadr potensialımızı da səfərbər edirik.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı Mərkəzinə inteqrasiya olunmuş Çağrı Mərkəzi haqqında da məlumat verib. Onun sözlərinə görə, həmin Çağrı Mərkəzində COVID-19 xəstəliyi ilə bağlı məlumatlar, psixoloji dəstək xətti və poliklinik xidmətlərlə bağlı bölmə fəaliyyət göstərir. “Çağrı Mərkəzinə koronavirus xətti üzrə 2771, psixoloji dəstək xətti üzrə 961, poliklinik xidmətlər xətti üzrə 1209 zəng daxil olub. Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində yaradılan və 70-ə yaxın TƏBİB əməkdaşının və könüllü psixoloqların cəlb olunduğu Çağrı Mərkəzi vətəndaşların bir çox problemlərinin operativ qaydada həll olunmasına və onlara psixoloji dəstəyin verilməsinə imkanlar yaradıb.