Qusar Mərkəzi Rayon Xəstəxanasına mediatur təşkil olunub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı Qusar Mərkəzi Rayon Xəstəxanasına mediatur keçirilib.
Jurnalistlər xəstəxananın bölmələrini gəzib, müasir avadanlıqlarla tanış olublar.
Bildirilib ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə, 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunub. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilib.
2012-ci ilin fevral ayının 16-da Prezident İlham Əliyev Qusar Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Xəstəxanada şüa-diaqnostika, qəbul, təcili tibbi yardım, poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, qadın məsləhətxanası, əməliyyat bloku yaradılıb. Qusar Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.
Tur çərçivəsində Qusar Rayon Mərkəzi Xəstəxanasında yeni doğulmuş 10 körpəyə doğum haqqında şəhadətnamələr təqdim olunub.
Daha sonra jurnalistlərə müəssisəsinin fəaliyyət imkanları haqqında ətraflı məlumat verilib.
Bu cür müasir tibb müəssisəsi yalnız Qusar sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı