“Qripə və kəskin respirator virusa yoluxanda işə, dərsə getmək olmaz” – Baş infeksionistdən XƏBƏRDARLIQ

“Artıq payız fəslinin ikinci ayındayıq və soyuq havaların başlaması ilə bağlı qrip, eləcə də kəskin respirator xəstəliklərinin yaranma təhlükəsi artmaqdadır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev lent.az-a müsahibəsində deyib.

e-tibb.az həmin müsahibəni təqdim edir:

– Hazırda qripdən başqa 200-dən çox virus növü insanlarda yuxarı tənəffüs yollarında yaranaraq qripi xatırladır. Bu cür vəziyyətlərdə əksəriyyət bunu qrip bilsə də, bu qrip olmur. Hər kəs elə bilir ki, hazırda təhlükə ancaq qripdən ibarətdir. Soyuq havalarda kəskin respirator xəstəliklərinə də yoluxmaq təhlükəsi var.

– Xəstəliklərin qarşısını almaq üçün hansı tədbirlər görülür? Bu tədbirlər 100 faizlik nəticə göstərirmi?

– Sözügedən xəstəliklərə qarşı əsas mübarizə təbabətdə peyvənd, yəni vaksinasiyadır. Beləliklə, əslində vaksinasiya bu vaxtlarda baş tutmalıdır ki, insanlarda gələcəkdə baş verəcək infeksiyalar zamanı xəstəliklərin müəyyən qədər qarşısını alsın.

Qeyd edim ki, tətbiq olunan vaksin tam olaraq qripdən 100 faiz qorunmağa təminat vermir və ən yaxşı hallarda 60-70 faiz qarşısını ala bilir, eləcə də xəstəliyin yüngül keçməsinə səbəb olur.

– Yaxın aylarda yeni virusların yayılma ehtimalı varmı?

– Qeyd edim ki, vurulan vaksinlər müəyyən virusların ştamlarına qarşı istifadə edilir və əgər başqa ştam yaranarsa, vaksinlər bu zaman ondan qorumur. Müasir tədqiqatlar və Ümumdünya Səhiyyə Təşkilatının təlimatları göstərir ki, gələcək mövsümdə haradasa 3-4 yeni virus ştamının yayılma ehtimalı var. Bu səbəbdən də indi həmin ştamlara qarşı olan dördvalentli peyvəndin aparılması təklif olunur. Amma qeyd edim ki, bunun belə olması həm də şübhə altındadır. Ona görə aparılan peyvəndlərin də qorumasının zəif olduğunu qeyd etməliyəm.

– Bu xəstəlikdən qorunmaq üçün nələr etməliyik?

– Əslində bu məsələ paralel aparılmalıdır. Yəni, insanlar da sözügedən xəstəliklərin yayılmaması və özlərini qorumaq üçün prosesdə iştirak etməlidir. İnsanlar ilk növbədə qidalanmalarına diqqət etməli, çalışmalıdırlar ki, yüksək keyfiyyətli məhsullardan istifadə etsinlər. Eləcə də mütləq immun sistemində xəstəliklərə qarşı müqavimət artmalı, zərərli vərdişlərdən uzaq qalmaqla sağlam həyat tərzinə keçməli və kifayət qədər açıq havada olmalıyıq. Bundan başqa, ictimai yerlərdə az olmağa çalışmalıyıq.

Ailənin istənilən fərdində qrip və kəskin respirator virusuna yoluxma halı baş verərsə, ev şəraitində mütləq müalicə almalıdır. Bir sözlə, xəstə vəziyyətdə işə və ya dərsə getmək olmaz. Çünki haqqında söhbət gedən xəstəliklər hava-damcı yolu ilə yayılır. Məsələn, adi danışıq zamanı ağzımızdan qopan damcılar metr yarım məsafəni əhatə edir. Asqırarkən, öskürərkən isə bu məsafə 3 metrə qədər artar və bunun nəticəsində infeksiya daha çox yayıla bilər.

Bununla yanaşı, soyuq havalarda gigiyena qaydalarına da əməl etməliyik. Gün ərzində metrodan və ya avtobusdan istifadə edənlərin xəstələnmək ehtimalı daha çoxdur. Buna görə də əllər tez-tez yuyulmalıdır.

– Uzun müddətdir insanlar xəstələnəndə, yaxud xəstəlikdən qorunmaq üçün qoruyucu vasitələrdən (maskalardan) istifadə edirlər. Necə düşünürsünüz, maskalar bizi xəstəliklərdən qoruyur?

– Əgər virusa yoluxmuş xəstə mütləq işə, dərsə getməli, yaxud ictimaiyyət arasına çıxmalıdırsa, o mütləq qoruyucu maskadan istifadə etməlidir. Bu maskalar müəyyən qədər bizi və ətrafı qorumağı bacarır.

– Qrip və ya kəskin respirator xəstəliklərinə yoluxma hansı yaş kateqoriyaları üçün daha təhlükəlidir?

– Soyuq havalarda uşaqlar və 65 yaş üstü insanlar daha ehtiyatlı olmalıdırlar. Çünki onların ağırlaşma ehtimalları daha yüksəkdir. Əgər həmin şəxslər xəstələnərsə, onları mütləq həkim müayinə etməlidir. Bundan başqa, xəstəlik zamanı temperatur artma halları qeydə alınarsa, mütləq yataq şəraiti lazımdır.

– Qrip və ya viruslara yoluxma zamanı çox az sayda insan həkimə müraciət edir. Müalicələri ev şəraitində, elə özləri edirlər. Bunun hər hansı bir təhlükəsi ola bilərmi?

– İnsanların öz-özünü müalicə etməsi düzgün deyil. Hazırda xüsusən antibiotiklərlə bağlı hamımıza eyni vərdiş keçib. Antibiotiklərin qəbulu ancaq həkim təyinatı ilə olmalıdır. Eyni zamanda, hazırda qrip virusları əleyhinə televiziyalarda və digər yerlərdə bir çox reklamlar gedir və bildirilir ki, xəstəlik tam sağalır. Bildirmək istəyirəm ki, insanlar reklama yox, həkimə inanmalıdırlar. Ona görə də yaxşı olar ki, düzgün diaqnoz üçün həkimə müraciət edilsin.