"Qrip virusu uşaqlarda ağırlaşmalarla nəticələnə bilər" Həkim-infeksionist Sevinc Cəfərova
“Uşaqlarda qrip virusuna yoluxma riski”- həkim-infeksionist Sevinc Cəfərova.
Son günlərdə uşaqlar arasında kəskin qrip əlamətləri yüksək hərarət, öskürək, burun axıntısı, boğaz ağrısı, baş ağrısı, əzələ ağrıları və yorğunluq halları artıb Bununla bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin müdiri, həkim-infeksionist Sevinc Cəfərova ilə həmsöhbət olduq.Həkim uşaqlarda qrip virusuna yoluxma riski ilə bağlı
müəyyən tövsiyyələr verib.
Həkim ilk öncə qeyd edtdi ki, son günlər uşaqlar arasında qripə yoluxma halları çoxalıb:” Buna da dəqiqləşdirilməmiş qızdırma diaqnozu qoyuruq və burada qrip əlamətləri olur,bəzən uşaqlarda ağız içi,ovuc içi,ayaqaltı hissələrdə səpgilər olur və bunlar həm qriplə,həmdə pnevmaniya ilə ağırlaşa bilir. Uzun müddətli qızdırma ilə davam edən xəstəlikdə uşaqlarda halsızlıq baş verir. Burada əsas faktor kimi biz görə bilərik ki,havanın çox isti olması ilə əlaqədar uşaqlarda istidən soyuq otaqlara keçmə ,çimərlikdə ,həyətdə toplu şəkildə bir-biri ilə artan sosial təmas da mühüm rol oynayır. Uşaq orqanizminin daha həssas olması, immun sisteminin tam inkişaf etməməsi, böyümə və inkişaf proseslərinin aktiv davam etməsi, maddələr mübadiləsinin sürətli olması virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaradır. Nəticədə bu amillər uşaqların adeno, rino, rota və paraqrip kimi viruslara yoluxma riskini artırır”.

Həkim-pediatrın fikrincə, uşaqlarda mövsümi qripin ümumi klinik əlamətləri oxşar olsa da, onu törədən virusların xüsusiyyətlərindən asılı olaraq spesifik fərqliliklər mövcuddur. Məsələn, qripin ümumi simptomları ilə yanaşı, rotavirus infeksiyası qusma və ishal ilə xarakterizə olunur, adenovirus infeksiyası zamanı konyunktivit müşahidə olunur, rinovirus isə tonzillit və sinusit kimi əlamətlərlə özünü göstərir.
Həkim qripin əsas təhlükəsi ilə bağlı da məlumat Verdi.Bildirdi ki, qripin əsas təhlükəsi onun yaratdığı ağırlaşmalardır. Bu ağırlaşmalara pnevmoniya, meningit, ensefalit, miozit, otit, rinit, sinusit və bronxit kimi xəstəliklər daxildir. Xüsusilə, premorbid vəziyyətdə olan, məsələn, raxit, hipotrofiyalı, anemiyalı erkən yaşlı uşaqlarda, eləcə də bronxial astma, revmatik qızdırma və ürək-damar xəstəlikləri kimi xroniki xəstəlikləri olan uşaqlarda qripin ağırlaşmaları daha erkən baş verə bilər və kəskin formada müşahidə olunur.
S.Cəfərova valideyinlərə də öz tövsiyələrini verərək bildirdi ki, qripə nəzarətsiz yanaşmaq, ev şəraitində müalicə etməyə çalışmaq və xəstəliyin öz-özünə keçəcəyini gözləmək yolverilməzdir:” Bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər qripin ilkin əlamətlərini tanımalı, müvafiq həkimə müraciət etməli və profilaktik tədbirlər barədə məlumatlı olmalıdırlar. Bunun üçün valideynlərlə mütəmadi olaraq maarifləndirici iş aparılmalı, uşaqları mövsümə uyğun geyindirmək, vitaminlərlə zəngin keyfiyyətli qidalarla təmin etmək və gigiyenik qaydalara əməl etməklə bağlı məlumatlandırılmalıdırlar. Müalicə patogenetik və simptomatik yanaşmalar əsasında aparılmalı, dərman preparatları yalnız həkim tövsiyəsinə əsasən qəbul edilməlidir.Bəzən valideyinlər öz başlarına apteklərdən müxtəlif qrip əlehinə dərmanlar alaraq uşaqlara qəbul etdirirlər”.
Virusla tam əlaqənin kəsilməsinin mümkün olmadığını vurğulayan həkim bildirib ki, xəstəliyin daha tez yayılmasının qarşısını almaq məqsədilə qripə yoluxmuş uşaqların məktəbə və ya bağçaya göndərməmək şərti ilə profilaktik tədbirlər görülməli, azyaşlıların immun sisteminin gücləndirilməsinə, xüsusən onların qidalanmasına diqqət yetirilməlidir. Virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otaqların havalandırılması, əllərin müntəzəm yuyulması və antiseptik vasitələrlə otaqların təmizlənməsi də qabaqlayıcı tədbirlərə daxildir.

“Sevinc Cəfərova: Qrip virusu uşaqlarda ağırlaşmalarla nəticələnə bilər