Qızılcanın təhlükəsiz sovuşması üçün iki doza peyvənd vurulmalıdır
Bakı, 6 dekabr, AZƏRTAC
Uşaqlar arasında sürətlə yayılan yoluxucu xəstəliklərin daha yüngül keçməsi və qalıcı fəsadların olmaması üçün balacaların peyvəndlənməsi gecikdirilməməlidir.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Aygün Sadıqova deyib: “Qızılcaya qarşı peyvəndlər iki dəfə – uşağın 1 və 6 yaşında vurulur. Əgər həmin yaşlar arasında vurulmayıbsa və artıq vaxt keçibsə, dörd ay fasilə olmaqla iki dəfə vurulması məsləhətdir. Qrip peyvəndinə qarşı vaksinləmə bir qədər müxtəlifdir. Əsasən sentyabr-oktyabr aylarından başlayıb dekabr-yanvar aylarına qədər qripin özünü necə göstərməsinə əsasən qərar verilir. Həmin peyvəndin müxtəlif yaş qruplarına vurulma qaydası müxtəlifdir. Altı ayından üç yaşına qədər yarım doza vurulur, əgər heç peyvənd vurulmayıbsa, dörd ay fasilə ilə iki dəfə vurulur. Əgər nə vaxtsa vurulubsa, yenə yarım doza bir dəfə vurulur”.
Həkimlər bildirirlər ki, bir xəstəliyin yayılması zamanı onu pandemiya və ya epidemiya halına çevrilməsini epidemioloqlar müəyyən edirlər. Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Lakin nəzərə almaq lazımdır ki, qızılca yüksək yoluxduruculuq qabiliyyətinə malik kəskin xəstəlikdir və yaxın təmasda olanların 90 faizini yoluxdura bilər. Peyvənd qızılca ilə əlaqədar ağırlaşmaların və ölümün qarşısını alır.
Mütəxəssislərin dediyinə görə, yüksək risk qrupuna 5 yaşdan aşağı immuniteti zəif olan uşaqlar onkoloji, revmatoloji xəstəliyi olanlar və kimyaterapiya alan xəstələr aiddir.
Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə başlanılıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı vaksinasiya olunması nəzərdə tutulur.
Səhiyyə Nazirliyi Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair yaydığı məlumatda bildirir ki, peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.