Qızılcaya görə epidemioloji vəziyyət nəzarətdədir

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasında aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb. Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtilə peyvənd olunmamış əhali arasında baş verib.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə nazirlik tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş edib.

Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.