Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır

Bakı, 11 dekabr, AZƏRTAC

“Qızılca burun axması, halsızlıq, quru öskürək, yüksək hərarət, ağız boşluğunun selikli qişasında və yanaqların daxili səthində kiçik boz rəngli ləkələr kimi əlamətlərlə müşahidə olunur. Xəstəlik, həmçinin gözlərin qızarmasına və işığa qarşı həssaslığın artmasına, qulaq və boyun arxasında səpgilərə səbəb ola bilər. Səpgilər ardıcılıqla, əvvəlcə üzdə, bədəndə, sonra qol və ayaqlara yayılır. Bu proses əsasən 4 gün davam edir. Səpgilər solduqca uşaqlarda qızdırma da enir. Öskürək təxminən 10 gün davam edir”.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərova deyib.

İnfeksionist bildirib ki, yüksək qızdırma (38-40 °C) xəstəliyin 4-8 günlərində olur. Böyüklərdə isə səpgilər uşaqlara nisbətən daha az olur. Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır. Lakin bəzi hallarda daha uzun müddət tələb olunur.

S.Cəfərovanın sözlərinə görə, qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir, bu da uşaqları başqa infeksiyalara qarşı daha həssas edir və xəstəliyi ağırlaşdıra bilən ikincili bakterial infeksiyalara səbəb olur: “Qızılca uşaqlarda sətəlcəm, meningit, boyun limfa düyünlərinin şişməsi, orta qulaq infeksiyaları və ensefalit kimi müxtəlif fəsadlara səbəb ola bilər. Həmin xəstəlik zəif qidalanan uşaqlarda A vitaminin azalmasına səbəb olur. Bu isə digər fəsadların artması riskinə gətirib çıxardır və göz sağlamlığına təsir göstərir.

Əgər uşaqlarda qızılcanın digər fəsadları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır”.