Qışda davamlı burun axıntısı: Soyuqdəymə deyil, allergiya ola bilər
Baxış
73
Qış boyunca uşaqlarda davamlı burun axıntısı və asqırma tez-tez sadə bir soyuqdəymə ilə səhv salınsa da, mütəxəssislər bunun əslində allergiya ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Medicina.az xəbər verir ki, gözlə görünməyən, lakin mikroskop altında görünən ev tozu gənələri uşaqların sağlamlığını təhdid edən ən böyük daxili “düşmənlərdən” biridir.
Xalçalardan yastıqlara, yorğanlardan pərdələrə qədər evin hər küncündə olan bu canlılar, xüsusən də payız və qış aylarında allergik uşaqlar üçün kabusa çevrilir.
Medipol Bahçelievler Universiteti Xəstəxanasından dosent Dr. Ömər Akçal ailələrin bu vəziyyəti tez-tez yuxarı tənəffüs yollarının infeksiyaları ilə qarışdırdıqlarını bildirərək, kritik bir xəbərdarlıq edib: “Sağlam fərdlər heç bir problem yaşamadan bu allergenləri tənəffüs edə bilsələr də, həssas uşaqlar zamanla müxtəlif allergik simptomlar göstərə bilərlər.”

O, bu simptomların burun tıxanıqlığı, burun axıntısı, asqırma və yuxarı tənəffüs yollarında qaşınma kimi göründüyünü və bu vəziyyətin allergik rinit kimi təyin olunduğunu izah edib.
O, əlavə edi ki, aşağı tənəffüs yolları təsirləndikdə, öskürək, xırıltılı tənəffüs və nəfəs darlığı kimi simptomlarla allergik astma inkişaf edə bilər.

Dosent Dr. Akçal ev tozu gənəsi allergiyasının ümumiyyətlə 3 yaşından sonra ortaya çıxdığını vurğulayıb:
“5 yaşından sonra əhəmiyyətli dərəcədə artır. Qapalı məkan allergen olduğundan, simptomlar əsasən ev mühitində özünü göstərir və il boyu davam edə bilər.”
Dosent Dr. Akçal izah etdi ki, ev tozu gənəsi allergiyasının müalicəsinə üç addımda yanaşılır. O, ilk addımın profilaktik tədbirlər olduğunu vurğuladı:
“Uşağın otağında mümkün qədər az əşya olmalı və ev tozunu toplayan materiallar azaldılmalıdır. Lazım olduqda hava təmizləyicilərindən də istifadə etmək olar.
İkinci addımda, allergik rinit, astma və ya ekzema kimi mövcud vəziyyəti hədəf alan tibbi müalicələr tətbiq olunur”.

Akçal, dərmana ehtiyacın yüksək olduğu və həyat keyfiyyətinin təsirləndiyi hallarda, üçüncü addım olan allergiya immunoterapiyasının rol oynadığını bildirdi.
Allergiya peyvəndləri kimi tanınan allergenə xas immunoterapiyanın qısamüddətli bir tətbiq olmadığını vurğulayan Dosent Dr. Akçal, “Bu müalicə tək dozalı peyvənd deyil. Bu, ən azı 3, ən çoxu 5 il davam edən, müntəzəm müşahidə tələb edən və uşaq allergiyası və immunologiyası mütəxəssisləri tərəfindən planlaşdırılmalı olan bir müalicə prosesidir”.
Aygün
Medicina.az
Mənbə: https://www.medicina.az/qisda-davamli-burun-axintisi-esoyuqdeyme-deyil-allergiya-ola-biler
Şərhlər (0)